Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
Azərbaycan Qırmızı Kitabı
21 Aprel , 2015

Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.

Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.

Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.

Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.

Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var.

Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir.

Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir.