Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
29 Mart , 2015

1. Kitabı elə yerdə oxuyun ki, orada sizdən başqa heç kim olmasın. Çünki yalnız tək qalanda insanın ruhu hüzur tapa bilər. Hüzur tapmış ruhla oxunan mətnin içinə girib hadisələri yaşamaq daha asan olur. 


2. Kitab oxuyarkən yanınızda mütləq bir qələm və bir vərəq olsun. Çünki, bəzi sitatlar, bəzi obrazlar, bəzi hadisələr sizin yadınızdan çıxa bilər. İrəliləyən səhifələrdə unudulmuş məqamları xatırlamaq üçün bir neçə səhifə geri qayıtmaq heç kimin ürəyincə olmaz.

3. Kitab oxuyarkən həmin kitabdan özünüzə oxuyacağınız növbəti kitabı müəyyən edin. Məsələn, sizin oxudunuğun bədii əsərdə hansısa xalqın həyatından bəhs edilirsə, yaxşı olardı ki, növbəti dəfə üçün həmin xalqın məişəti ilə bağlı digər bir kitabı tapıb oxuyasınız. Həmin kitabdan da başqa bir məqamla bağlı kitab tapıb onu oxuyun. Beləcə, zəncir yaranacaq. Həmin zəncir sizin dünya ədəbiyyatı ilə (istər elmi, istər bədii) tanış olmağınıza geniş imkanlar yaradacaq.

4. Özünüzə proqram müəyyən edin. Müasir dövrdə kitab oxumaq üçün vaxt tapmaq müşkül məsələ kimi görünür. Əslində isə, bu, proqramsız yaşayan insanlara aid bir məqamdır. İşlərinizi planla görsəniz, kitab oxumağa da vaxtınız qalacaq. Bu, 2 saat da ola bilər, 10 dəqiqə də... Əsas odur ki, vaxt tapa biləsiniz.

5. Oxuduğunuz kitabları hekayələrə çevirməyə çalışın. Çoxları deyir ki, yazıçı olmaq üçün qabiliyyət lazımdır. Düzdür... Ancaq fərasət də vacibdir. Düşünürəm, ömrünü kitab oxumağa həsr etmiş birisi, heç olmasa, bir hekayə yaza bilər. Bunun üçün həmin insanın böyük materialı olur. Özünüzü hər kitabdan sonra yazmaqla da sınayın.