Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
29 Mart , 2015


Görkəmli rus kitabxanaşünası N.A.Rubakin yazırdı:”Həyata, xüsusən ictimai həyata marağın artması kitaba olan marağın artmasını səciyyələndirir.Əgər həyatda bu maraq yoxdursa,onda həyata baxış gündən-günə daha kasıb hal alır və kitabların çoxu öz maraqlılığını itirir” 

Əvvəlcə görək maraq nədir?Maraq şəxsiyyətin dərk etdiyi obyektə seçici münasibətini ifadə edən fərdi-psixoloji xüsusiyyətdir.Obyektə seçici münasibət onun insan üçün əhəmiyyətə malik olması və emosional cazibədarlığı ilə şərtlənir. Maraq insanı fəaliyyətə təhrik edir,onu fəallaşdırır,xarici aləmi ətraflı dərk etməyə, ona bələd olmağa yönəldir. 

Maraq daim müəyyən bir obyektə yönəlmiş olur.Bu zaman adam ümumiyyətlə deyil, bir cismlə, bir hadisə,müəyyən bir ixtisasla, peşəylə, eləcədə müəyyən fəaliyyətlə maraqlanır.Buda obyektə daha qüvvətli diqqət yetirməyə,onunla daha ətraflı və dərindən tanış olmağa, onun mahiyyətini daha düzgün dərk etməyə səy göstərilməsinə səbə olur 

Bəs “Oxucu marağı”nədir?- .”Oxucu marağı” mənəvi maraq növünə aiddir.”Oxucu marağı”insanın ümumi marağından doğur və onun əmək fəaliyyəti,mənəvi tərbiyəsi ilə bağlı olur.Oxucu marağı kitabın ayrı-ayrı çap məhsullarının emosional cazibədarlığı və həyati əhəmiyyəti baxımından oxucunun ona olan seçmə müsbət münasibətidir.

Müasir kitabxanaçı müasir oxucunu tam və dolğun ,hərtərəfli öyrənmək üçün güclü müşahidə qabiliyyətinə malik olmalıdır.Müasir oxucular bir-birindən müxtəlif cəhətlərə görə fərqlənirlər. Bu cəhətlər özlərinin daxili aləmi, həyata baxışları, maraqları, meylləri, psixoloji xüsusiyyətləri, yaş, peşə vəs. qeyd olunan bu fərqli xüsusiyyətlər mütaliə prosesində də özünü aydın hiss etdirir. Ona görə də kitabxanaçı hər bir oxucunu ətraflı öyrənmək əsasında ona lazımi ədəbiyyatı tövsiyyə edir. Hər bir oxucu başqalarından müxtəlif xüsusiyyətlərə görə fərqləndiyi üçün oxucuların miqdarı qədər də yanaşma üsulu tələb olunur. Hal-hazırda oxucuları əsasən ixtisasına, fəaliyyət sahəsinə və ixtisas biliyi səviyyəsinə görə təsnifləşdirmək daha məqsədəuyğun hesab olunur. Məktəbli oxucular isə yalnız yaş qrupuna görə təsnifləşdirilir. Oxucuları fərdi və sosial-psixoloji əlamətlərinə görə də təsnifləşdirmək məqsədəuyğun hesab olunur. 

Kitabxanaçılar xidmət prosesində, xüsusilə sorğu ödənilərkən yalnız oxucunun mövzu marağını nəzərə almaqla kifayətlənməməli, həm də bu marağa təsir göstərməli, onun genişlənməsinə, dərinləşməsinə çalışmalıdır. Maraq oxucuda həm də mütaliəyə daim fəal münasibət aşılayır.

Kitabxananın oxucu marağına təsiri üç istiqamətdə həyata keçirilir:
1.Oxucunun mövcud marağının aşkar edilməsi, qiymətləndirilməsi və inkişaf etdirilməsi xətti ilə;
2.Yeni marağın yaradılması, formalaşdırılması,möhkəmləndirilməsi və gücləndirilməsi yolu ilə; 
3.Oxucunun mövcud arzuolunmaz marağını islah etmək, başqa istiqamətə yönəltmək, onun yerində yeni maraq yaratmaq yolu ilə;

Ümumiyyətlə oxucu marağının yaranması və inkişaf etdirilməsi əsasən tövsiyə olunan ədəbiyyatın məzmunundan, həm də ədəbiyyatın təbliği üsullarının təşkilindən asılıdır.
Oxucu marağının öyrənilməsində söhbət, müşahidə, oxucu formulyarının fərdi təhlili, kitablar haqqında rəylərin təhlili, biblioqrafik sorğular və s. formalar əsas rol oynayır.

Fərdi iş oxucu kitabxanaya birinci dəfə üzv yazılanda onunla aparılan ilk söhbətdən başlayır. Fərdi söhbətin məqsədi aşağıdakılardır.
Uşağa kitab seçməkdə köməklik göstərmək, kitaba maraq oyatmaq, az yaşlı oxucunun mütaliə texnikasında meydana çıxan çətinlikləri aradan qaldırmaq, mütaliəni istiqamətləndirmək.

Kitabxanalarda oxucuların öyrənilməsinin özünəməxsus vəzifələri və təşkili qaydaları mövcuddur. Bu vəzifələrdə başlıca məqsəd oxucu mütaliəsinə elmi əsaslarla yanaşmaqdır. Həmin vəzifələr isə işin təşkili prosesindəki konkret şəratidən aslı olaraq reallaşdırılır . 

Kitabxanalarda oxucuların öyrənilməsinin təşkili ilə əlaqədar məqsədəuyğun olaraq bir sıra tələblər irəli sürülür. Bura: planlılıq və sistemlilik, nəticələrin ümumiləşdirilməsi, oxucuların öyrənilməsi işinin əlaqələndirilməsi və hesabatdan ibarətdir.

Oxucu sorğuları müyyən və qeyri- müəyyən olmaqla bərabər məzmununa , səbəbinə və məqsədinə görə də fərqlənirlər.
Kitabxanaçı konkret sorğunun səbəbini öyrənməklə şəxsiyyətin oxucu istiqamətini və mütaliə mədəniyyətini müyyənləşdirilər.

Hal-hazırda kitabxanalarda ayrı-ayrı kitablara olan oxucu rəyləri də öyrənilir. Çünki bu rəylərdə həmin oxucunun marağı , zövqü, kitab mənimsəməkdə fərdi tipik xüsusiyyətlər və oxucu tərəfindən kitaba verilən qiymət müəyyənləşdirilir.

Nəticə olaraq qeyd etmək lazımdır ki, müasir şəraitdə oxucuların mütaliə sorğularını tam və dolğun ödəmək, oxucu mütaliəsinə məqsədyönlü istiqamət vermək, yeni-yeni maraq sahələri yaratmaq üçün hər bir oxucunu ətraflı öyrənmək, onun mövcud xüsusiyyətlərini nəzərə almaqla iş aparmaq lazımdır