Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
20 Yanvar Faciəsi
27 Oktyabr , 2021
Rəvayətə görə bir güllə bülbül dostluq edir. Bül-bül cəh-cəh vurub səs salır, gül isə xoş ətrini ətrafa yayırdı. Onların bu dostluğu hamını heyran edirdi... yalnız küləkdən başqa. Külək öz vıyıltısına aşiq idi, gücü, qüvvəti ilə qürrələnirdi.
Bir gün bülbül çəmənlikdə olmayan vaxt külək əsib çoşdu, hər tərəfi tozanaq bürüdü. Nəhəng çinarlar, salxım söyüdlər küləyin qarşısında əyildi. Yalnız zərif, gözəl ətirli gül küləyin azğınlığına tabe olmurdu. Bunu görən külək heyrətə gəldi.
-Ay zərif gül, sən mənə baş əyməmək cəsarətini haradan alırsan?
Gül cavab verdi:
-Dostluqdan! Bülbül gəlib çıxar, məni əyilməyə qoymaz.
-Baxarıq!.. Sən dostunu sına, mən də gücümü!..
Külək bu sözləri deyib, kükrədi. Onun gücü altında gülün ləçəkləri titrəməyə başladı. Külək qələbəsindən cuşa gələrək, daha bərkdən uğuldadı. Bir az da keçəcək, gül təslim olacaq, boynu büküləcək, qaməti əyiləcəkdi. Bu vaxt bülbül özünü gülün harayına çatdırdı. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykədi, onun əyilən qamətini düzəltdi. Ancaq gülün xarı- yəni, tikanı onun sinəsinə sancıldı.Bülbül geri çəkilmədi, gülü əyilməyə qoymadı. Dostu uğrunda özünü fəda edən bülbül gülün ləçəyində donub-qaldı. O gündən bu gül “Xarıbülbül” adlanır