Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Maraqlı faktlar
6 Aprel , 2015

Çağdaş ədəbiyyatımızı “Nadir şah”, “Əmir Teymur”, “Təhmasib şah” və bir çox tarixi əsərlərlə və “Attila” pyesi ilə zənginləşdirən tükoloq, tarixçi alim, tarixi romanlar müəllifi Yunus Oğuz bu əsərlərin hər birində Azərbaycan tarixi ilə bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi.“Şah arvadı və cadugər” romanı da öyrənilməsi vacib olan məsələlərdən bəhs edir. Əsərin əsas surəti Xeyrənisə xanımdır. Romanda demək olar ki, bütün əsas məsələlər bu obrazın ətrafında cərəyan edir… Bütün qızlar kimi onun də gələcək xoşbəxt həyatı ilə bağlı romantik düşüncələri var. Lakin şah sarayından ona elçi gəlməsi bütün arzularını alt-üst edir. O, inadkarlıq edir, şah oğluna ərə getmək istəmir. Lakin, atasının “Gələcəkdə ola bilər ki, bu dövləti sən idarə edəcəksən” sözlərindən sonra o, “bal yeyən də ölür, şor yeyən də” qənaətinə gəlir. Öz sevgi hisslərini hakimiyyətə qurban verir. Bununla da onun gələcək həyat yolu müəyyənləşir. Hələ I Təhmasibin hakimiyyətinin ilk illərindən başlayaraq hakimiyyəti türklərin əlindən almaq, heç olmazsa onu tədricən farslaşdırmaq üçün fars əyanları səy göstərirdilər. Xeyrənisə xanım da Məhəmməd Xudabəndəyə məhz bu məqsədlə ərə verilmişdi. Bu missiyanı yaxşı dərk edən fars qızı Qızılbaş türklərdən intiqam almaq yolunda bütün vasitələrdən istifadə edir, onun tapşırıqlarını yerinə yetirən kişilərə bunun əvəzini cinsi əlaqəyə belə girməklə ödəyirdi. Xeyrənisə xanımın Qızılbaşlar sarayındakı fəaliyyətini İnanc xatunun Atabəy Eldənizlərin sarayındakı fəaliyyəti ilə müqayisə etmək olar. XII yüzildə bu ərəb qadını dövlət vəzifələrini necə ərəbləşdirirdisə, Xeyrənisə xanım da türk qızılbaş sarayındakı vəzifələri farslaşdırırdı və bu inadkar qadın ölümünə yaxın bir sıra önəmli vəzifələri farslaşdıra bilmişdi. Hər halda bu iş üçün möhkəm zəmin qoymuşdu və anasının ölümündən bir neçə il sonra hakimiyyətə gələn I Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürməklə onun arzularını həyata keçirdi. Ali divanın vəkili vəzifəsinə yüksələn və Mədhi Ülya rütbəsi alan Xeyrənisə xanım sarayda açıq-aydın türkləri təhqir edir, onları “aciz qırmızıpapaqlılar” adlandırırdı. Bu azğın qadın heç kimdən çəkinmədən sarayda istədiyi adamı yatağına alır, cinsi əlaqəyə girir, hətta öz həmcinsləri ilə belə sevgi oyunları oynayırdı. Şahın kor, zəlil və aciz olmasından öz çirkin məqsədləri üçün bacarıqla istifadə edən Medhi Ülya bir çox məqsədlərini həyata keçirdikdə ərə gedərkən ona cehiz kimi verilən cadugərdən istifadə edirdi. Əlbəttə, ilk baxışda oxucu Xeyrənisə xanımın bu cadugərlə fəaliyyətinə dodaq büzə, cadugər vasitəsi ilə düzələn işlərə şübhə ilə yanaşa bilər. Amma, gəlin tarixə nəzər salaq. Bütün dövrlər üçün dövlət başçıları öz saraylarında münəccimlər, öncəgörənlər, falçılar saxlayırdı. Məgər müasir dünyada öncəgörənlər, çevrəsindəkilərin beyninə təsir edə bilən insanlar yoxdurmu? İndi belə bir sual meydana çıxır: Öz çılğınlığına görə 19 il Qəhqəhə qalasında dustaq saxlanan və gəncliyi gözləri önündə puç olub gedən (elə buna görə daha da qəddarlaşan) İsmayıl Mirzə şah olandan sonra bütün yaxın qohumlarını öldürdüyü, hətta onu böyük çətinliklə dustaqlıqdan azad edən bacısı Pərixan xanımla qəddarcasına rəftar etdiyi halda niyə qardaşı Məhəmməd Xudabəndəyə və övladlarına toxunmadı? Halbuki, Məhəmməd Xudabəndə şahın böyük oğlu kimi hakimiyyətə başqalarından daha yaxın idi. Vəzir Mirzə Salmanı isə qətl etdirmək əvəzinə özünə daha da yaxın etdi. Əsəri dərindən təhlil edən professor Nizami Cəfərov də cadugərlik məsələsini “Yunus Oğuzun təxəyyülünün məhsulu” hesab edir.Lakin, Xeyrənisə xanım nə qədər güclüdürsə də, şahı oyuncaq kimi əlində istədiyi kimi fırlada bilirsə də, Səfəvi dövlətinin sütunları sayılan Qızılbaş əmirləri daha güclüdür. Onlar istədikləri vaxt bu sütunları sarsıdıb dağıda bilərlər. Şah qızılbaşların tələbi ilə arvadı Mədhi Ülyanın qətlinə fərman verəndə məhz bu amili nəzərə almışdı. Əsərin maraqlı sürətlərindən biri, öncələr Şiraz hakimi, daha sonra isə Səfəvi şahı Kor Məhəmməd Xudabəndədir. Əsərdə o, “gözü pis görən, xəstə, əzgin, öz hayında olan, öz halına yanan” bir insan kimi təsvir olunur. Onu hakimiyyətdən, eyş-işrətdən daha çox dərman və süd içmək, musiqi dinləmək maraqlandırır. “Arvad əlində girinc qalan bu bivec” bütün hakimiyyəti arvadına verib ara-sıra onun hesabatını dinləməyi yetərli sayırdı. I Təhmasib hələ öz sağlığında onu “evdə arvadı ilə bacara bilməyən maymaq” adlandırmışdı. Pərixan xanım surətinə fikir verək. Əsərdə o, hər hansı bir qızılbaş əmirindən daha güclü, daha çılğın təsvir olunur. O, çox təəssübkeşdir. Gürcü qızından olan qardaşı Heydər Mirzə və arvadı fars qızı olan Məhəmməd Xudabəndənin hakimiyyətə gəlişini istəmir. Amma İsmayıl Mirzənin, çılğın və “dəli” olmasına baxmayaraq onun anası türk qızıdır. Ona görə də İsmayılı Qəhqəhə qalasından azad edib hakimiyyətə gətirir. Onun ölümündən sonra isə hakimiyyəti öz əlinə alır. Lakin orta əsrlərin amansız qanunları qadının şah olmasına imkan vermir. Məhz buna görə də qızılbaşlar ondan üz döndərib Məhəmməd Xudabəndənin tərəfinə keçdilər. Sonucda o təkləndi və Mədhi Ülya tərəfindən məhv edildi. Bu inadcıl qız atasının sağlığında bütün dövlət məsələlərində yaxından iştirak edirdi və I Təhmasib onu hakimiyyətə hər üç oğlundan daha layiq bilib, “kaş Pərixan oğlan olaydı” demişdi. Ağa Dərviş Pərixan xanımı təhlükədən xəbərdar edib onu bu işlərdən çəkindirsə də bu inadcıl qız nəinki təhlükədən yan keçir, əksinə, təhlükənin üzərinə yeriyir. Müəllif onu hökmlü, çətin durumdan baş çıxarmağı bacaran bir qadın kimi səciyyələndirir. Lakin qeyd etdyimiz kimi yaşadığı dövr ona öz ideyalarını həyata keçirməyə heç bir şans vermir. Səfəvi şahları şah olmaqdan başqa həm də dövlətin ruhani başçıları idi. Və onlar sufi dərvişlərin ən yüksək rütbəsi olan Şeyxəvənddən daha üstün idilər. Qızılbaşlara görə Səfəvi şahlarında bir müqəddəslik vardı və onlara qarşı çıxmaq hər iki dünyada məhv olmaq demək idi. Məhz bu səbəbdən də Pərixan xanım “qadınların ümidünə qalan bu xanədandan” heç bir dəstək ala bilmədi. Cadugər isə manqurtlaşan, öz sahibəsinin əmrlərini danışıqsız yerinə yetirən, heyvani bir şəhvətlə Xeyrənisə xanıma bağlanan və bu həyatı cadu etməkdə və Xeyrənisə xanımın yatağında görür. Elə bu heyvani şəhvətdən qopan qısqanclıqla da öncə xanımı, daha sonra isə özünü həlak edir. Romanı oxuyub bitirdim. İndi mən qəti əminəm ki, Yunus Oğuz Səfəvilər dövrü tarixini həmin dövrü araşdıran ixtisaslı bir tarixçidən daha mükəmməl bilir. “Şah arvadı və cadugər” romanı ilə müəllif göstərdi ki, o, Səfəvi tarixinə təkcə xronoloyi baxımdan deyil, qızılbaş şahların daxili saray həyatına qədər bələddir. Gənc bir araşdırmaçı olaraq o əsəri əsl bədii əsər hesab edirəm. Əsər bir anlıq da olsa oxucunu heç zaman görmədiyi, təsəvvür belə etmədiyi yad bir aləmə aparır, ona ətrafı unutdurur. “Şah arvadı və cadugər” də məhz belə bir əsərdir. Bundan öncəki əsərlərə nisbətən burada təbiət təsvirləri daha güclüdür, bənzətmələr daha maraqlıdır. Məsələn: “Xəfif küləyin ətrafa səpdiyi qar tozanağı ulduzlar kimi sayrışırdı”.
Yunus Oğuz bütün ürəyi, bütün varlığı ilə bu xalqa, bu torpağa bağlıdır. Elə bu torpağa bağlı olduğu üçün də bu xalq üçün, bu torpaq üçün çox gərəkli işlər görür. Əli bəy Hüseynzadə yazırdı: “Topu yerə atırsan, o, torpağa dəyir, sonra yüksəyə qalxır”. Belə bir qənaətdəyəm ki, doğma torpağına ürəkdən bağlı olmayan bir qələm sahibi bu qədər dəyərli əsər yarada bilməz. Sayğıdəyər alimimiz Nizami Cəfərov “Şah arvadı və cadugər”i ədəbiyyatımıza şöhrət gətirə bilən bir əsər” adlandırmaqda tamamilə haqlıdır