Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
6 Aprel , 2015

Vətən haradan başlanır...
Haradan başlanır Vətən?! Bu sual neçə-neçə böyük şəxsiyyətləri, mütəfəkkirləri, filosofları, şair və yazıçıları, yəni özünə vətəndaş deyən hər kəsi illər, qərinələr,əsrlər boyunca düşündürüb.Ancaq insan oğlu bu sualın məntiqli, doğru cavabını tapa bilməyib.Ancaq bununla belə ayrı-ayrı fikirlər də yox deyildir.Ulu əcdadlarımız bizim mənəviyyatımızın dərinliyinə Vətən kəlməsinin mahiyyətini bu cür yazıblar:
Əzizim, vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı.
Və yaxud Naxçıvan folklorunda deyildiyi kimi:
Bilmərəm nə dəmdəyəm,
Talesiz bir bəndəyəm.
Yuvasız bayquş kimi,
Gündə bir vətəndəyəm.
“Vətənə gəldim, imana gəldim” deyiblər ulularımız.Xalqın yüz illər boyunca vətən mövzusunun dərkinin nəticəsi olaraq yaranıb bu bayatılar, atalar sözləri.Bəlkə də bu hikmətamiz sözlər yaranıncaya qədər neçə-neçə savaş açılıb,qan tökülüb, yurd üçün can qoyulub, bu hikməti başa düşüb, bu mənanı dərk edib ata-babalarımız. Bu mənada hikmət sahibi olan babalarımız vətəni hər şeydən uca, hər şeydən baş biliblər.
... Vətən , sadəcə dörd bir tərəfdən sərhədləri olan,”hasarlanmış” bir məkan deyil. Vətən, ucsuz-bucaqsızdır.Hələ heç bir söz sələfinin tərifini vermədiyi və ya verə bilmədiyi bir məfhumdur.Bəlkə, bizlərin qüdrəti çatmır bu sualını cavabını axtarmağa və ya axtardığımız zaman labirinti məngənələrində itib batırıq?!.Ya da hər bir vətən övladı üçün Vətən müxtəlif yerlərdən başlanır?!. Bəlkə də, Vətənin sonu olmadığı üçün, heç başlanğıcı da yoxdur?! Amma bəzi şeylər sonsuz ola bilsə də,başlanğıcsız sonsuzluq da yoxdur.Bəli,Vətən başlanır...Bu, elə bir həqiqətdir ki, onun sübuta ehtiyacı yoxdur.Bu həqiqətin başlanğıcı haradır? Bəşər övladinin dünyaya gəldiyi yer onun vətənidirmi? Bəs onda ulu əcdadının uyuduğu, qanıyla, canıyla qoruduğu, ona da öz əcdadından qalan torpaq haradır? Axı bizim olub, bizsiz qalan yurdumuz da var?Şairin təbi ilədesək:”Bir vaxt dünya boyda olan Azərbaycan, indi papaq boyda qalıb!” Bir zamanlar sərhədləri Dağıstandan Hindistana qədər uzanan, bəzən şimala, cənuba, qərbə və şərqə bölünən, başqa dövlətlərin tərkibində qalan nisgilli torpaqlar vətən deyilmi? Yaxud Vətən sadəcə nəşriyyatların tərtib etdiyi xəritələrdimi?Bəs onda tarixin daş yaddaşı nə olsun?
Bu yaddaş dərin hafizəsindən heç nəyi ki silmir. Buna görə də bəlkə Vətən bu yaddaşın ən dərin qatlarindan başlanır?! Çünki onu vərəqlədikcə, ona istinad etdikcə donub qaldığımız, bizi didib-didib dağıdan beynimizdəki cavabsız sualların açıqlamasını tapırıq. Bəzən bəlkələr uçur, dağ kimi bir tərəfdə qalanır. Yəqinlər yamac kimi uzanır, amma bu şərti dağın ən yüksək nöqtəsində həqiqət deyilən bir əminlik dayanır. Həqiqətdən başlayır Vətən! Min illərin arxasından bizim ulu əcdadlarımızın bizə mirasa qoyduğu, ata-ababalarımızın canı, ruhu uyuyan mənəvi məkandır vətən.O vətən ki bizim ulu əcdadlarımızın qanı qarışıb o torpaqlara.O vətən ki Tomris ananın qılıncı oynayıb , atı dayanıb, ayaqları yer alıb o torpaqda.O vətən ki dədələrimiz, vətən deyib,söz qoşub, sevgisini, arzu-amallarını, bütün dünyasını ifadə edib.
Yurdsuzlar torpağımıza bir yaradır. Onlar-o bədxah nadürüstlər üçün Vətən yalandan,xəyanətdən və oğurluqdan başlayır.Qonşu varını oğurlayan oğru insanların”oğurluq vətənləri”. Haram Vətən! Allah-taala südünü, çörəyini və torpağını halal etməz özününkü olmayan yad vətənə sahiblənmək istəyən nadürüstlərə.Yüz yol vətən desinlər,vicdanlarına da, ruhlarına da uyuşmaz bu torpaqlar.Onsuz da qorxu üstundə gündə min yol diksinə-diksinə yuxu tapır o bədxahlar. Onsuz da Tomris ananın, Babəkin,Cavanşirin qılıncının səsləri qulaqlarından çəkilmir yağıların.Mübarizin cüssəsi neçə kəz yuxularına girib dəhşətə gətirir onları.Azərbaycan Ordusunun nizami yerişli hərbi paradı sanki Qarabağa yeriyirmiş kimi onların içini sökür, dəhşətdən bağırlarını çatladır. Qorxu onların canındadır.Ona görə də şiddətı, qəzəbi özlərinə yol seçiblər. Amma bizim xalqımız üçün halallıqdan başlanır Vətən . Çəkdiyimiz bütün zəhmətlərin qarşılığını alanda da, bizi dünyaya gətirən anamızın südünü əməndə də,hətta bu dünyadan köçəndə də halallıq istəyirik.Bax elə qanımızda axan bu halal qandan başlayır hər şey.Bizlər halallıq axtara-axtara haramzadalar hər şeyi bizə haram etsələr də, halal sərhədlərimizdir vətən.Haramla üz-üzə gəlib o tikəni götürmədiyin-ürəyin, qəlbin,sevgin,cəsarətin,qeyrətin,ləyaqətin boydadır vətən.Allahı üstündə gördüyün,vicdanın tapdığın,özündənbaşqasının haqqını gördüyün yerdən başlanır vətən.
Amma burası da var:Vətən-kiminə görə işıqlı otaqlar, gözəl imarətli villalar,kiminə görə isə böyük bir külfətin yığıldığı lap bir daxma ,sökük bir çadırdır, ev deyə biləcəyin yerdir... Kiminə görə ən bahalı alış-veriş mərkəzlərindən, kiminə görə yalın ayaqlarını basdığı tikan bitən torpaqdan, bəziləri üçün ac bir uşağın fəryadından və ya üzündə gilələnən bir damla yaşdan,ya da yetimin anasının baş daşından, bəzənsə parıltılı ayaqqabılara dəyən daşdan başlanır vətən...
Vətən hardan başlayırsa başlasın,o,mütləq şəhid məzarlarından ,çadır şəhərciklərindən, öz yurdunda yurdsuz qalanların yurdundan-obrazlı desək,dəryada açan gülün su deyib sızıldamasından keçəcəkdir. Vətən Koroğlunun nərəsində,Babəkin qılıncında, Şah İsmayıl Xətayinin qüdrətində, Dədə Qorqudun hikmətində,Füzulinin şeirində,Burla Xatunun ləyaqətində,vüqarlı dağların əzəmətində,təbiətin füsunkarlığında,anaların laylasında,ataların nəsihətində,əcdadların müdrikliyində, körpələrin gülüşündə,yoxsul olub gülüş hədəfinə çevrilsə də belə,bir insanın qəlbi dolu,ağzı dolu”vətən” dediyi yerdə,şahid qanının qarı əritdiyi yerdədir...İnsanın müqəddəslikdəki dərin mənanı axtardığı, axtardıqca da bir qarış torpağı canından əzız bildiyi , dünyalara dəyişmədiyi sarsılmaz amaldan başlanır Vətən.
Hardan başlanıb ,harda qurtarsa da, bütövlük, ayrılmazlıq amalında birləşir Vətən!!!...
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda,nə vaxt,nə dərdim,
Xəzanımdır, xəzanımdır, xəzanım...
Xalq şairi Məmməd Araz deyib bu sözləri.Amma kimin deməyindən asılı olmayaraq,xalqımızın vətən sevgisini,baxışını,belə demək olarsa,tərifini ifadə edib.Vətən təkcə sevilməklə vətənpərvərlik keyfiyyəti qazanmaz.Vətən həm də qeyrətlə qorunduğu zaman insana vətənpərvərlik keyfiyyəti qazandırır.Bu baxımdan Vətən anlayışı bir də vətənpərvərlik mənasını doğurur.Vətəni sevmək, uğrunda ölmək,cəsarət və qeyrətlə keşiyində dayanmaq hünəridir vətənpərvərlik.Vətənpərvərlik bütün mənası ilə ulu öndərimiz Heydər Əliyevin şəxsiyyətinin təcəssümündədir.Vətənpərvərlik bütün mənası ilə,ideallığı və məna gücü ilə ulu öndərimizin mənəviyyatında təcəlla edir.Necə ki ulu öndərimiz özü deyirdi:”Vətənpərvərlik hər bir insanın daxilində olan duyğularıdır.Əgər bu yoxdursa, o insan mənəviyyatsızdır”.Bu baxımdan dahi liderimiz Heydər Əliyev mənəviyyat, vətənpərvərlik məktəbidir. Əgər hər dünyaya gələn azərbaycanlının canında,qanında Heydər Əliyev yurdsevərliyi, vətənpərvərliyi, cəsarət, qeyrət və hünəri olsa, vətənimiz də, müstəqilliyimiz də əbədidir,yenilməzdir, dönməzdir. Nə qədər ki vətən uğrunda böyük qəhrəmanlıq təcəssüm etdirərək ulu öndər Heydər Əliyev vətənpərvərlik məktəbini nümayiş etdirən Mübariz İbrahimovlar vardır, vətənimizin müstəqillik və qüdrət ifadəsi olan Azərbaycan Bayrağı da dalğalanacaqdır. Nə qədər ki ulu öndər müdrikliyi İlham Əliyev kimi varisin fəaliyyəti ilə davam etdirilir,vətənimiz və müstəqil dövlətimiz baqi olacaqdır. Nə qədər ki günü-gündən yenilənir, abadlaşır, qüdrətlənir, dünya ilə qaynayıb-qarışır ölkəmiz,həmişə var olacaq, yaşayacaqdır vətənimiz.Şair demişkən:
Azərbaycan!Qayalarda bitən bir çiçək...
Azərbaycan!çiçəklərin arasında qaya...
Mənim könlüm bu torpağı vəsf edərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan-qayəsi nur,mayası nur ki
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki.
Ana yurdun ürəyinə toxuna bilər.