Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
18 Aprel , 2015

 

18 Aprel  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd olunur.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçasıdır.  Məhz elə buna görə də  çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir.  Abidələrimizin bəşəri əhəmiyyətini nəzərə alan  YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən nəşr olunan "Dünya İrs" jurnalı da İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalasının qurumun  təhlükədə olan İrs siyahısından çıxarılması haqqında məqalə dərc etmişdi. Burada abidələrin mühafizəsi sahəsində Azərbaycanın   əldə etdiyi uğurlar yüksək qiymətləndirilib. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınan ərazisinin 20 faizini hərbi təcavüz yolu ilə işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıdıb. Hərbi təcavüz nəticəsində  ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən məhv edilir.  Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz isə sıradan çıxarılır. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Ümumilikdə işğal olunmuş ərazilərdə Ermənistan Silahlı Qüvvələri 1,421 mədəniyyət evini, 15 şəhər və 503 kənd mədəniyyət evi və klubunu, 8 rayon, 32 şəhər, 10 uşaq və 683 kənd kitabxanasını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatr, 3 qalereya, 464 tarixi abidəni, təqribən 40 min tarixi əl işi və 4,6 mln. kitabı məhv edib və dağıdıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.