Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
17 May , 2015

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür. On səkkiz ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Yetişməkdə olan nəslin doğma torpağı unutmaması üçün rayonun ümumtəhsil məktəblərində “Laçını necə təsəvvür edirəm”, “Vətənə getməyim gəlir” mövzularında inşa yazı müsabiqələri, “Laçın rayonu haqqında bildiklərimiz” adlı disputlar keçirilir. Bundan əlavə, “Laçın şəhidləri and yerimizdir”, “Laçınlı milli qəhrəmanlar” fotostendləri hazırlanır, Qarabağ müharibəsi iştirakçıları və rayon ziyalıları ilə müntəzəm görüşlər təşkil olunur. Taxtakörpü qəsəbəsində Qarabağ müharibəsində həlak olmuş laçınlıların xatirəsinə abidə kompleksi ucaldılıb.

On səkkiz illik məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.