Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
23 May , 2015

1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.

Orta məktəbi doğulduğu kənddə, 1972-ci ildə bitirib.

1973-78 illərində Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Vaqif Bəhmənli universiteti bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), “Həyat” qəzetində baş redaktor(1992-1994, “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə müdiri (1995-1997), “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI – Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisinin baş redaktorunun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetinin redaktoru (2004), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-dan – indiyə qədər) vəzifələrində çalışıb.

1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına, “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına layiq görülmüşdür. Şeir və məqalələrdən ibarət 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib.

Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. Moskvada, Ankarada, İstanbulda keçirilən poeziya festivallarının mükafatlarına layiq görülüb. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə çevrilib. Almaniya, Rusiya, Misir, Ukrayna, İran, Belarus, Latviya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxstan Gürcüstan və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.

“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı – ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən, ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.

Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə məqaləsi dərc edilib. Ailəlidir, 3 övladı var.

Kitabları

1.“Bahar – Payız arası” – 1979

2.“Dünya ayaq üstədir” – 1981

3.“Bar ver ümid ağacım” – 1983

4.“Yolum üstə bitən gül” – 1986

5.“Ömürdən uzun gecə” – 1987

6.“Qırxıncı otaq” – 1990

7.“Novruz naxışları” – 1993

8.“Parisdə Rus hamamı “ 1 Pyotr haqqında hekayələr—1994

9.“Dörd divar” – 1996

10“Uzaqda bir işıq”