Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Rayon haqqında
23 May , 2015

Şağan Olimpiya İdman Kompleksi — Bakının Şağan qəsəbəsində yerləşən idman qurğusu.

Şağan Olimpiya İdman Kompleksi açılışı 25 dekabr 2009-cu il tarixində olub. Açılış mərasimində dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib.

Kompleks “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunmuşdur. Tikintisinə 2007-ci ilin noyabrında başlanmış kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılıb. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir.

Futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq var. Güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zal isə 615 tamaşaçı tutumuna malikdir. Kompleksdəki zallarda həm mini-futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür.

Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir. Qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusdakı hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Korpusun inzibati hissəsi ikinci mərtəbəsində məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar var.

Kompleksin ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standard və bir lüks otaq var. Açıq havadakı idman qurğuları isə iki tennis kortu, mini-futbol və voleybol meydançalarından ibarətdir. Kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadion da var.

Şağan Olimpiya-İdman Kompleksi Azərbaycanda istifadəyə verilmiş sayca 24-cü belə qurğudur.