Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
İdman və sağlamlıq
2 İyun , 2015


1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Azərbaycan həmin il Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1993-cü ildə tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya Oyunlarında iştirak etməli oldular. Barselona Olmpiya Oyunlarında Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi.

1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roq Bakıya gəldilər. Azərbaycan prezidenti Heydər Əliyev onları qəbul etdi. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirak, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edir. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Azərbaycan prezidenti Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər, ümumiyyətlə, lazımi səviyyədə qurulmamışdı və qənaətbxş sayıla bilməzdi. İşdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.