Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Maraqlı faktlar
8 İyun , 2015


Meyvələr, tərəvəzlər, çiçəklər və ağacların hər birinin müxtəlif rəngi, qoxusu və dadı var. Ətrafınızda hər an gördüyünüz, bəzən də ancaq kitablardan tanıdığınız bitkilərin hər birinin özünəməxsus rəng və naxışları var. Hamısının çoxalma forması fərqlidir, tərkiblərindəki nektarın miqdarı, qoxuları da fərqlənir.

Məlum olduğu kimi, bitkilər aləmində hakim rəng yaşıl və yaşılın çalarlarıdır. Yaşıl rəngi əmələ gətirən əsas maddə isə xlorofildir. Çox mühüm maddə olan xlorofil bitki hüceyrəsinin sitoplazmasında yayılmış halda yerləşən xloroplastlardakı piqmentdir. Günəşdən qəbul etdikləri işığı asanlıqla udan bu piqmentlər ancaq yaşıl rəngi əks etdirirlər. Bu xüsusiyyət yarpaqlara yaşıl rəng verməklə yanaşı, fotosintez kimi həyati əhəmiyyətli prosesin həyata keçməsini də təmin edir. 

Bitkilər fotosintez prosesində fərqli rənglərin birləşməsindən təşkil olunmuş günəş işığından istifadə edirlər. Günəş işığındakı rənglərin ən əsas xüsusiyyətlərindən biri enerji yüklərinin fərqli olmasıdır. Bu rənglərin ayrılması ilə ortaya çıxan və spektr adlanan rəng ardıcıllığının bir ucunda qırmızı və sarı rəngin çalarları, digər ucunda isə mavi və bənövşəyi rəngin çalarları yerləşir. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir.

Rənglər arasındakı bu enerji fərqi bitkilər üçün böyük əhəmiyyət daşıyır. Çünki fotosintez etmək üçün çox enerjiyə ehtiyacları var. Odur ki, bitkilər fotosintez zamanı günəş şüalarından ən çox enerji daşıyanları, yəni spektrin ultrabənövşəyi ucundakı rənglərlə (mavi və bənövşəyi) yanaşı, spektrin infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udurlar. Yarpaqlar bütün bu prosesləri xloroplastlardakı xlorofil piqmenti sayəsində bacarırlar.

Bitkinin fotosintez etməsi üçün xlorofilin udduğu işıq zərrəciklərinin enerji səviyyəsi lazımi qədər olmalıdır.