Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Rayon haqqında
7 İyul , 2015

İlk dəfə Abşeronun Qala kəndində açıq səma altında Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri toplanılıb və bərpa olunub. Ərazisi 1.2 hektar olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün yaxşı şərait yaradılıb.

Muzeyi gəzərkən diqqəti ilk öncə qayaüstü təsvirlərdə nöqtəli, həndəsi, xonça görünüşlü nişanlar çəkir. Bundan əlavə eramızdan əvvəl III minilliyin II yarısı – II minilliyin I yarısına qədərki dövrü əhatə edən qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət nümunələrini görmək olar.

Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini ikimərtəbəli evlər və ya tir-dayaq konstruksiyalı, düz damlı yaşayış evlərinə üstünlük verilib. Burada otaqların qızdırılması üçün kürsüdən istifadə olunurdu. Ailənin qızınması üçün xörək bişirildikdən sonra ocaqdan yığılan kömür manqala tökülür, ailə manqalın ətrafına yığılaraq onun üstünə örtülmüş yorğanın altında qızınırdı. Bu yorğan kürsü yorğanı adlanırdı və məxsusi kürsü üçün sırınırdı.

Maraq doğuran qədim abidələrdən biri də qədim musiqi aləti – Qavaldaşdır. Qavaldaşın səs çıxarmasının sirri onun hava yastığı üzərinə qaldırılmasındadır. Quru, yüngül, özündən altdakı daş və qaya üzərinə iki nöqtədə toxunan və beləliklə bir növ havada qalmış təbəqəvari yastı əhəngdaşına kiçik daşla zərbə vurduqda onun içərisindən gələn zümzümə bir dəqiqə kəsilmir.