Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Təqvimdə bu gün
5 Sentyabr , 2015

Aslanov Səyavuş Məmmədağa oğlu Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olmuşdur:

  • Bayram ("Kəndimizin mahnısı", K. Kərimov),
  • İbişov ("Özümüz bilərik", Ş. Qurbanov),
  • Fürzuzbala ("Altı qızın biri Pəri", M. Əlizadə),
  • Şubay ("Ulduz"),
  • Dadaşbala ("Hicran", S. Rəhman),
  • Qəmzəli ("Qaçırılmış qız", C. Məmmədov),
  • Misir Nəsir ("Lənət sənə, kor şeytan", F. Aşurov),
  • Orduxan bəy ("Əlli yaşında cavan", Z. Hacıbəyov)

Səyavuş Aslan 1984-cü ildən Akademik Milli Dram Teatrının aktyoru kimi bir çox rəngarəng obrazlar yaradıb:

  • Mindilli ("Nişanlı qız", S. Rəhman),
  • Luka ("Həyatın dibində", M. Qorki),
  • Ağaəli ("Günah", R. Əlizadə),
  • Romul Avqustul ("Böyük Romul", F. Dürrenmatt),
  • Oddamdı ("Od gəlini", C. Cabbarlı),
  • Fəriş ("Bizim qəribə taleyimiz", İ. Əfəndiyev),
  • Cabbar ("Sevgililərin cəhənnəmdə vüsalı", İ. Əfəndiyev),
  • Ağamusa Fərəcov ("Dəlilər və ağıllılar", İ. Əfəndiyev),
  • Aqabo Boqveradze ("Kaş araba aşmayaydı!..", O. İoseliani)

Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasını əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir.

Ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.