Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
2 Aprel , 2016

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan ordusu tərəfindən işğal edilməsinin 23 ili tamam oldu. Erməni qüvvələri 1993-cü il martın 27-də başlanan genişmiqyaslı hücumdan sonra aprelin 2-də Kəlbəcər rayonunu işğalı etmişdilər.

Kəlbəcər Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş ikinci rayonu (1992-ci ilin mayında zəbt edilmiş Laçından sonra), Dağlıq Qarabağla Ermənistan arasında mühüm strateji bölgə idi.

Azərbaycan Respublikasının cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 m yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Rayonun "Qaragöl", "Zalxa" gölləri sahillərində, "Ayıçınqıl" və "Pəriçınqıl" dağlarında qayalara həkk edilmiş qayaüstü təsvirləri tədqiqatç alimləri tərəfindən öyrənilmişdir.

Məlum olmuşdur ki, dəniz səviyyəsindən 3000 m yüksəklikdə yerləşən bazalt daşlarının üzərinə həkk olunmuş yazılar və rəsmlər ölçü, kompozisiya və çəkilmə texnikasına görə biri-birindən kəskin fərqlənir. Bu abidələrin əksəriyyəti tunc dövrünün əvvəlləinə (e.ə. III minillik) aiddir. Tunc dövrünün sonlarında daha mürəkkəb kompozisiyalı lövhələr yaradılmışdır ki, bu da mədəniyyətin bu yerlərdə başlanması demək idi.

1976-cı ildə Kəlbəcərin qayaüstü təsvirlərin yerləşdiyi ərazidə qədim yaşayış mərkəzi aşkar edilmişdir. Həmin yerdə divarın qalınlığı 2 metrə çatan tikinti və həmin ərazidə tapılan gil qab bir daha təsdiq edir ki, e.ə. III minillikdə Kəlbəcər ilk insanların yaşayış məskəni olmuşdur.

Kəlbəcərin səthi dağlıqdır. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Sərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədlərini təşkil edir.

Ən yüksək dağ zirvəsi olan "Camışdağ"ın (Murovdağın başıdır) hündürlüyü 3724 m-dir.

Kəlbəcər inzibati rayon kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. Ərazisi 1936 kvadrat kilometr, əhalisi işğaldan öncə 61 min nəfər idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd vardı.

 Kəlbəcərin işğalı zamanı 458 nəfər həlak olmuş, rayonun yüzlərlə sakini, o cümlədən qadın, uşaq və qoca əsir götürülmüşdü.

İşğal nəticəsində Kəlbəcər rayonunda 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 min fərdi mənzil dağıdılıb, 38 min hektar meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 70 milyard manat ziyan vurulub.

Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.