Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
1 Oktyabr , 2016

Yaşadığımız cəmiyyət hamı üçündür. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir.
BMT-nin inkişaf proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin keçirilməsi də buna misaldır.
Bu Ümumdünya tədbirində belə bir fikir səsləndi ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər.
İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunurlar. Onlara cavanlar da, böyüklər də hörmətlə yanaşır, fikirləri ilə hesablaşırlar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Böyük Britaniyanın baş naziri U. Çörçill, Almaniyanın federal kansleri K. Adenauer, Fransanın prezidenti Şarl de Qoll, Çin islahatçılığının atası Den Syaopin və nəhayət, ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş görkəmli siyasətçi və dövlət xadimləri öz ölkələrini müvəffəqiyyətlə idarə etmişlər. Bu fakt bir daha sübut edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır.
BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar ili elan olunmuşdur.
Bu məsələyə Respublikamızda da ciddi diqqət yetirilir. 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.
1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.