Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
17 Yanvar , 2017
Ələkbərzadə Mədinə Nurulla qızı 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada İbtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. 

Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur... Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafiksaını və fars dilini öyrənir. Sonralar Təbriz Dram Teatrında çalışmışdır.

"Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-1946-cı illər “Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı”nın fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitirir.

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri,M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmişdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi. Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır.

Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanmışdır. 

Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. 

Vətən sevgisi,azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Şairin Bakıda və Moskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca digər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.

O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları (1960, 1974, 1986), "Şərəf Nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" (1948) və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.