Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
18 Aprel , 2017
Bu gün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
Tarixi abidələr - məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.
Bu sahədə ölkəmizin bəxti gətirmişdir. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər.
Hazırda işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz - Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. YUNESKO-nun siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilmişdi.
Bir çox ölkələrdə tarixi abidələrin qorunması işi çox ciddi təşkil olunmuşdur. Məsələn, Fransada hətta arxeoloji qazıntılar aparıldıqdan sonra tarixi yerlərin təbii landşaftı olduğu kimi bərpa olunur. Böyük Britaniyanın şimalında da Roma imperatoru Adrianın dövründə imperiyanın sərhədlərini qorumaq məqsədilə çəkilmiş məşhur Adrian sədləri olduğu kimi qorunub saxlanır.
Sovet hakimiyyəti illərində Azərbaycanda tarixi memarlıq abidələrinə dövlət səviyyəsində laqeyd münasibət olmuşdur. Bir çox nadir memarlıq abidələri baxımsızlıq və tamah üzündən sökülüb-dağıdılmış, xeyli memarlıq abidələri, maddi-mədəniyyət nümunələri isə erməni saxtakarlığına məruz qalaraq özgəninkiləşdirilmişdir. Hazırda erməni işğalı altında olan ərazilərimizdəki memarlıq abidələri üzərində də bu cür saxta "əməliyyatlar" aparılmaqdadır. Erməni vandalları Şuşa şəhərini işğal edərkən Üzeyir bəyin, Natəvanın, Bülbülün tunc heykəllərini belə avtomat atəşinə tutmaqdan çəkinməmişlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələyə münasibət kökündən dəyişmişdir. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış "Mədəni irsin qorunmasına yardım haqqında" sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar saray-kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və yenidənqurma işləri aparılmışdır. 2002-ci ildə Respublikamız Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunmuşdur. Azərbaycan tarixində ilk dəfə olaraq Şirvanşahlar saray-kompleksi və Qız qalası da daxil olmaqla İçərişəhər Dövlət Tarixi-memarlıq kompleksi YUNESKO-nun "Dünya mədəniyyəti irsi" siyahısına daxil edilmişdir.
Tarixi arayış. Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın işğalı altında qalan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidələr, on minlərlə eksponat olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 808 klub, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalmışdır. İşğal altında olan ərazilərimizdə xalqımızın keçmişi və bu gününü əks etdirən 1852 mədəniyyət və incəsənət abidəsi erməni vandalizminin təcavüzünə məruz qalmışdır. Nəticədə tariximiz üçün mühüm əhəmiyyət kəsb edən, milli özünəməxsusluğu özündə əks etdirən minlərlə tarixi və arxeoloji abidələrimiz məhv edilmişdir.