Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
1 May , 2017

Bu gün 1 may Beynəlxalq Əmək günüdür. Bayram dünyanın əksər ölkələrində qeyd olunur. Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.

Tarixi hadisələrin baş vermə zərurətləri sırasında sözsüz ki, insanların istismarının aradan qaldırılması, maaşlarının artırılması və daha az iş şəraitinin təmin edilməsi də dayanır. Bu gün Azərbaycanda işsizliyin aradan qaldırılması, insan istismarının qarşısının alınması, maaşların normal standartda verilməsi, ayrı-ayrı müəssisələrdə çalışan insanların həyat şəraitinin yaxşılaşdırılması və əməyin qiymətləndirilməsi təmin olunur. 

Əmək verən, zəhmət çəkən hər bir şəxs Azərbaycanın iqtisadi, mədəni, sosial inkişafına töhfə verir. Onlar ölkənin hərtərəfli irəliləyişi üçün əllərindən gələni əsirgəmirlər. Ayrı-ayrı zavod və fabriklərdə, kənd təsərrüfatı sahələrində, tikintidə, bir sıra istehsalat müəssisələrində çalışan insanlarının iş təhlükəsizliyinin təmin olunması, əməyin mühafizəsi üçün lazımi tədbirlər görülür və həmin sahələr dövlətin nəzarəti altındadır.

Beynəlxalq Əmək günü isə bir əsrdən çoxdur ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi keçirilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.