Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
17 Aprel , 2018

14 aprel 2018-ci il tarixində Binə qəsəbəsində yerləşən 121 saylı məktəbin 10-cu sinif şagirdləri Xəzər rayon MKS-nə ənənəvi olaraq  ekskursiya etdilər. Şagirdlər kitab fondu və kitabxanadan istifadə qaydaları ilə tanış oldular. Ekskursiya zamanı şagirdlərin diqqətini daha çox ensiklopedik nəşrlər çəkdi. Onlar böyük məmnuniyyətlə kitablarla maraqlandılar və bir – biriləri ilə oxuduqları kitablar haqqında danışdılar. Beləliklə Kitabın – insan tərəfindən ən gözəl ixtira olduğunu öyrəndilər.


Daha sonra Xəzər  rayon MKS-in əməkdaşları Daniyeva Mətanət  və Almasova Çinarə  kitabxanada gedən işlər haqqında, görülən tədbirlər haqqında kitabxananın yeni oxucularını məlumatlandırdılar. Kitabxananın əməkdaşları vurğuladılar ki, uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə prosesi zamanı baş verir. Yəni kitabxanalarda mütaliə sistemli və ardıcıl təşkil edilməlidir. Bu da onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir göstərir. Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir. Uşaqlıq dövründən yeniyetməlik dövrünə və digər yaş dövrünə keçiddə uşaqlar qarşılarına çıxan müxtəlif problemləri həll etmək üçün tələb olunan vərdiş və təcrübəni kitabxananın bilavasitə iştirakı ilə təşkil edilən mütaliənin köməyi ilə qazanırlar. 
Kitabxanaya ekskursiya təşkil edən məktəblilər və oxucuları kitabxanada təşkil olunan nağıl otağı ilə, kitabxanada təşkil olunmuş sərgilərlə,  kitabxananın fondu ilə yaxından tanış oldular. 
Daha sonra şagirdlər kitabxanaya üzv oldular və bu kitabxananın onların həyatında müsbət enerji gətirdiklərini vurğuladılar. Bu tədbirin əsas məqsədi məktəbyaşlı uşaqlara kitabxananı sevdirmək və kitabxananın fondunda olan kitablarla tanış etməkdir.