Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
28 Noyabr , 2018

 

Onun ədəbi həyatı

Xurşidbanu Natəvan

          Məhsəti Gəncəvi,Heyran xanım Dünbülü,Aşıq Pəri ilə bərabər,Xurşidbanu Natəvanda Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olan qadın şairlərlərindəndir. Camaat arasında Xan qızı adı ilə  tanınan Natəvan xeyirxahlığı,xeyriyyəçiliyi,əliaçıqlığı,yoxsullara kömək etməsi,incə,lirik şeirləri,yaşadığı Şuşa şəhərinin abadlığına,ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı.

Onun çoxtərəfli istedadı,şairliklə bərabər,gözəl rəsmlər çəkməsi,musiqini,muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilmişdir.

Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı,İbrahimxəlil xanın nəvəsidir. O,ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim isə Ziyad xanın nəvəsi Uğurlu bəyin qızıdır.

Natəvan 1832-ci ilin 15 avqustunda Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. Xurşidbanu ailənin yeganə övladı olduğuna görə onu sarayda “Dürri-yeka” adlandırırdılar.

Gənc Xurşidbanunun bədii zövqünün,dünyagörüşünün formalaşmasında qohumlarından Qasım bəy Zakir,Mirzə Camal,Əhməd bəy Cavanşir kimi şəxsiyyətlərin yaradıcılığı,söhbətləri,şübhəsiz,mühüm rol oynamışdır. Bibiləri Ağabəyim ağa və Gövhər ağanın da şeir yazmaları,əmisi Əbülfət ağa Tutinin,anasının yaxın qohumları Kəlbəli xan Müsahib və Fətəli bəy Halinin şair olması onun şeir-sənət aləminə könül verməsinə səbəb olan amillərdəndir.

Natəvanın xeyriyyəçiliyi,doğma yurdunun abadlaşması üçün əlindən gələni əsirgəməməsi,yoxsullara əl tutması,təhsilin inkişafına çoxlu vəsait sərf etməsi onun şöhrətini Cənubi Qafqazda daha geniş miqyasda yaymışdır.

O,yollar çəkilməsinə,körpülər salınmasına,məktəb binası tikilməsinə illik gəlirindən xüsusi fond ayırmış,yeni təsis olunan məktəblərə,uzaq şəhərlərdə oxuyan azərbaycanlı tələbələrə,şair və sənətkarlara yardım etmişdir.

Xurşidbanunun bəslətdirdiyi Qarabağ cinsli atlar 1867-ci ildə Parisdə,Əlcəzairdə,1869-cu ildə Moskvada dünya sərgisində birincilik qazanmış,qızıl medala,fəxri fərmana layiq görülmüşdür. Tiflisdə təşkil edilən ölkə kənd təsərrüfatı sərgisində şairin əl işləri,becərtdirdiyi buğda,arpa və darı sortları ən yaxşı eksponat kimi tərifnamə almışdır.

Natəvan 1873-cü ildə yüz min manat sərf edərək,Sarıbaba deyilən yerdən,yeddi kilometrlik məsafədən sıldırım qayaların üstü ilə Şuşaya su çəkdirmiş,sonra su anbarı,hamam,buzxana tikdirmiş,park saldırıb camaatın istifadəsinə vermişdir. Görkəmli tatar alimi və maarifçisi Rzaəddin ibn Fəxrəddin 1904-cü ildə Orenburqa nəşr etdirdiyi “Məşhur xatunlar” əsərində Natəvanın şəxsiyyəti,istedadı barədə hörmətlə danışmış,onun xeyriyyəçiliyinin bütün imkanlı müsəlman xanımlarına ibrət olmasını arzuladığını bildirmişdir:”Zirək,aqilə olub,türki və farsi,həm ərəbi bilir və əksər ömrünü mütaliə ilə keçirir idi. Təbiəti-şeiriyyəsi həm olub ağızlarda bir xeyli əsəri qalmışdır. Füqərayə mərhəmətli olub ümum faidəsi üçün mal sərf etməkdən ləzzətlənir olmuşdur. Yüz bin rüblə rus ağçası fəda edərək Şuşa şəhərinə çeşmə,şirin su gətirmişdi”. Bu məqamı akademik Feyzulla Qasımzadə də xüsusi vurğulamışdır:”Natəvan nəcib,səxavətli bir qadın olub,yoxsullara kömək etməkdən xoşlanırdı”.

Natəvanın Qarabağın əbədi həyatında oynadığı müsbət rol xüsusilə  onun sədri olduğu “Məclisi-üns” ədəbi məclisi ilə bağlı idi.

XIX əsrin ikinci yarısında Azərbaycanın müxtəlif mədəniyyət mərkəzlərində ədəbi məclislər fəaliyyət göstərməyə başladı. Şuşada təşkil edilən “Məclisi-üns” ədəbi məclisinin şöhrəti yalnız Şimali Azərbaycanın bölgələrinə deyil,Tiflis,Təbriz,Tehran,Aşqabad və başqa şəhərlərə də yayılmışdı.

Şuşanın gənc ədəbi qüvvələrinin yığıncaqları müntəzəm şəkil aldıqdan sonra onlar əvvəlcə Hacı Abbas Agəhin mənzilinin üst mərtəbəsində toplaşmağa başladılar. Fəna,Agəh,Növrəs,Məmali kimi şairlər 1864-cü ildən 1872-ci ilə kimi bu məkanda məşğələlər keçirirdilər.

Mirzə Rəhim Fənanın atası Mirzə Məhəmmədbaği Qarabağ xanlığının dərbar münşisi kimi Natəvanın xanlıq mülkünü idarə edirdi. 1872-ci ildə o vəfat etdikdən sonra Natəvan bu işi gənc Mirzə Rəhim Fənaya həvalə etdi. Elə həmin ildə şairlər məclisi də Agəhin mənzilindən Natəvanın sarayına köçür. Bu vaxta qədər adı olmayan məclisə “Məclisi-üns” adı verilir.

Xurşidbanu Natəvanın sədrlik etdiyi məclisin üzvləri içində Mirzə Rəhim Fəna,Mirzə Ələsgər Növrəs,Mirzə Həsən Yüzbaşov,Məmo bəy Məmai,Hacı Abbas Agəh,Mirzə Sadiq Piran İmanxan oğlu,Hüseyn ağa Cavanşir və başqalarının adını çəkmək olar.

Natəvanın həm də istedadlı şair olan böyük oğlu Mehdiqulu xan Vəfa da Tiflisdə xidmətdə olmadığı zamanlarda məclisdə iştirak edirdi.

Burada həmçinin Şuşanın məşhur musiqiçiləri və xanəndələri də iştirak edirdilər. Natəvanın məclis üçün ayırdığı geniş,işıqlı salonda Nizaminin “Xosrov və Şirin”i,Sədinin “Gülüstan”ı,Füzulinin “Leyli və Məcnun”u ilə bərabər,Natəvanın bir sıra qəzəlləri oxunur,təhlil edilir,onlara cavablar yazılırdı.

Natəvanın qəzəllərinə yalnız Qarabağın deyil,Bakı,Şəki,Quba və Şamaxının şairləridə cavablar yazırdılar. Natəvana nəzirə yazan şairlər arasında Seyid Əzim Şirvani,İsmayıl bəy Nakam,M.M.Xəyali,Azər,Cənnəti kimi şairlərdə vardır.

XIX əsrin digər məclis şairləri kimi,Natəvanın yaradıcılığına da Füzuli poeziyası daha da güclü təsir etmişdir. Ümumiyyətlə, dahi şairin əsərlərinə yazılan nəzirələr XIX əsr ədəbi məclis şairlərinin yaradıcılığında önəmli yer tuturdu. Nəzirəçiliyin belə geniş miqyas alması bu şairlərin bir çoxunun plagiatçılığına səbəb olurdusa da,bu halı bütün şairlərə aid etmək olmaz.

Dövrünün istedadlı şairlərindən olan Natəvanın qəzəllərində səmimilik,özünün yaşantılarını,həyəcanlarını ifadə etməsi,saf məhəbbətin,sədaqətin tərənnümü,dilin sadəliyi diqqəti ilkin cəlb edən cəhətlərdəndir.

Natəvan və onun digər müasirləri qəzəl dilinin sadələşdirilməsi,danışıq dilinə yaxınlaşması sahəsində səmərəli fəaliyyət göstərmişlər ki,sonralar bu proses Ə.Vahidin şəxsində uğurla davam etdirildi. Natəvanın lirik qəhrəmanı sevgilisini vəfasızliqda,unutqanlıqda ittiham edərkən sanki klassik şeir janrına danışıq nitqini gətirir:

Sən qeyrilər ilə üns tutdun,

Bilməm niyə yarını unutdun?....

Birəhmlik etdiyin tamamdır,

Bir rəhm elə kim,aman,amandır!..

Sən yar ilə zövqdə,səfadə,

Mən burda,bu cövr ilə cəfadə.

Sən vaxtında aşınalıq etdin,

Döndün,belə bivəfalıq etdin.

Göründüyü kimi,burada şair klassik ədəbiyyatda rast gəldiyimiz mürəkkəb ifadələrdən imtina etmişdir. Natəvanın incə duyğuları,zərif mətləbləri ifadə etdiyi səmimi şeirlərində vəfa,sədaqət kimi gözəl keyfiyyətlər,aşiqin öz eşqi uğrunda fədakarlığı,hər cür cəfaya,əzab-əziyyətə dözməyə hazır olması təqdir edilir.

Natəvan epiqonçu şeirin çoxaldığı XIX əsrdə qadın qəlbinin həyəcanlarını,qadın məhəbbətini tərənnüm edən təkraredilməz qəzəllər yazmışdır. Onun şeirlərində məhəbbətin,sevgi duyğularının aşiqin mənəvi dünyasına təsirini,onun daxili dünyasında yaratdığı təlatümü görürük.

Natəvanın əsərlərinin belə səmimi,hissiyyatlı olmasının bir səbəbi onun istedadı ilə bağlı idisə,digər səbəbi də şeirlərinin mövzusunu uydurmaması,öz həyatından götürməsi idi.

Xan qızı Natəvan həyatı boyu çoxlu sarsıntılar,şəxsi faciələr yaşamışdı.Natəvan gənc ikən əvvəl atasını,sonra isə anasını itirmiş,Qafqaz canişini M.S.Vorntsovun təkidi ilə yaxşı tanımadığı Xasay xan Usmiyev adlı dövrünün savadlı,ləyaqətli lakin tərs,tündməcaz xasiyyətli şəxsiyyətinə ərə verilmişdi. M.S.Vorntsov Xurşidbanunu şəxsi yavəri olmuş Xasay xanla evləndirməklə xan ailəsini nəzarət altında saxlamaq məqsədi güdmüşdü.

Bu nigahdan Natəvanın Mehdiqulu xan adlı oğlu,Xanbikə adlı qızı dünyaya gəlir. Xasay xan Vladiqafqazda işlədiyi zaman buranın hərbi dairə rəisi M.S.Loris-Melikovla arasında münaqişə yaranır,buna görə onu 1866-cı ildə Voronejə sürgün edirlər. Xasay xan Voronejdə mehmanxanada intihar edir.

Bundan sonra Xurşidbanu 1869-cu ildə Seyid Hüseyn adlı yoxsul bir şuşalıya ərə getmiş,bu nigahdan beş övladı dünyaya gəlmişdi.

Natəvanın böyük oğlu Mehdiqulu xan anasının rəiyyətə ərə getməsindən çox narazı qalmışdı,buna görə də xidmətdə olduğu Tiflisdən az hallarda Şuşaya evə gəlirdi. Sevimli oğlunun bu rəftarından məyus qalan şairə bu münasibətə bir neçə kədərli şeir yazmışdı.

1885-ci ildə Natəvanın ikinci ərindən olan oğlu Mir Abbas ağır xəstəlik nəticəsində 17 yaşında vəfat edir. Bu hadisədə dərin mənəvi sarsıntıya məruz qalmış Xurşidbanu ruhi iztirablarının ifadəsi olan silsilə kədərli şeirlər yazmışdır. Bu şeirlərdə övladını itirmiş ana qəlbinin ağrıları yüksək bədii ifadəsini tapmışdır:

Yanar canım,oğul,daim sənin nari-fərağında,

Neçə pərvanələr hər dəm yanar şəmin ayağında.

Sənin hicrin odu,Abbas,dəxi çıxmaz ki,canımdan,

Səməndər tək yanar daim anan nari-fərağında.

“Məclisi-üns” şairləri,sonralar Şuşa,Quba,Şamaxı,Gəncə və Bakı şairləri bu faciədən təsirlənərək Xurşidbanuya şeirlə təsəlli məktubları göndərirdilər.

Natəvanın sırf məhəbbət lirikasına həsr etdiyi şeirlərində onun mücərrədlikdən uzaq olduğunu,real,insani hisslərdən danışıldığı,Azərbaycan qadınlarının acı şikayətlərini,həzin iniltisini ifadə etdiyini,eyni zamanda sevən insan qəlbinin şərəfini və ləyaqətini qorumağa çağırdığını görürük.

Xurşidbanu şeirlərində insanı,təbiət mənzərələrini bir rəssam kimi təsvir etmək istedadını nümayiş etdirmişdir. Şairin rəssamlıq qabiliyyəti də olmuş və onun karandaşla çəkdiyi bir sıra rəsm əsərləri hal- hazırda AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan albomda –“Gül dəftəri”ndə toplanmışdır.

1897-ci il oktyabrın 1-də şəxsi münasibətlərin,ona qarşı edilən haqsızlıqların,xəstəliklərin təsirindən vaxtsız qocalmış Xurşidbanu Natəvan vəfat etdi. Şairin dəfn mərasimində iştirak edən camaat cənazəni Şuşadan Ağdama qədər piyada apardı. O,Ağdamda ,”İmarət” deyilən ailəvi qəbiristanlıqda dəfn olundu.

Natəvanın ölümünü bütün Azərbaycanın,Bütün Qafqazın ziyalıları,şeir-sənət adamları dərin hüznlə qarşıladılar. Ölümündən sonra Xurşidbanudan qalan xeyirxah əməllər,şeirləri və rəsm əsərləri,bir də övladları oldu.

Natəvanın şeirləri indiyə qədər—1928,1938,1956,1981,1984 və 2004-cü illərdə çap edilmişdir. 1928-ci ildə Hənəfi Zeynallı tərəfindən tərtib edilən,82 səhifədən ibarət birinci kitaba şairin həyat və yaradıcılığı barədə ön söz,38 şeir,Natəvana həsr edilmiş şeirlər,qəzəllərinə yazılmış nəzirələr daxildir.

1956-cı ildə AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Fazil Seyidovun tərtib etdiyi kitaba ön söz,şairin şeirləri,Natəvan haqqında yazılan şeir və mənzum məktublar,lüğət salınmışdır.

1984-cü ildə Bəylər Məmmədov tərəfindən tərtib edilən kitab isə 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında “ Sərəncamına əsasən yenidən nəşr edilmişdir. Buraya ön söz,şeirlər və lüğətlə bərabər,şairin bir məktubu da daxil edilmişdir.

Bu günlərdə Xurşidbanu Natəvanın nəfis tərtibatda daha bir kitabı işıq üzü görmüşdür. Şairənin oxucuların diqqətinə çatdırılan “Neçin gəlməz” kitabına onun şeirləri,albomundakı—“Gül dəftəri”ndəki rəsmləri,həmçinin Xan qızına,”Məclisi-üns”ün fəaliyyətinə dair xatirələr salınmışdır.