Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
20 Dekabr , 2018
20 dekabr 1915-ci ildə Heybəliadada dünyaya gələn Əziz Nesin, əsərləri xarici dillərə ən çox tərcümə edilən dördüncü türk yazıçısıdır. Bir çox əsərlərin müəllifi olan və əsl adıyla desək, Məhmət Nüsrət 1924- cü ildə Qanuni Sultan Süleyman İbtidai Məktəbinin 3-cü sinifinə gedir. İki il Darüşşəfəqə litseyinə davam etdikdən sonra, 1935-ci ildə Kuleli Hərbi Litseyini, 1937-ci ildə Ankara Hərb Məktəbini bitirərək kiçik leytenant rütbəsinə sahib olur. 

1939-cu ildə Hərbi Fənn Məktəbini bitirir, eyni zamanda, İncəsənət Akademiyasının Dekorativ Sənətlər bölümünə davam edir. 1941-ci ildən etibarən İkinci Dünya müharibəsi illərində iki il Trakyada xidmət edir. 1942-ci ildə Ərzurum İstehkam Taburunun bölük komandiri vəzifəsinə təyin edilir və bomba qəzasında yaralanır. Ankarada Hərb Məktəbində açılan tank kursunda 1944-cü ildə işindəki nöqsanlara görə hərbidən uzaqlaşdırılır. 1945-ci ildən etibarən redaktorluq, dramaturgiya ilə məşğul olduqdan sonra 1946-cı ildə Səbahəddin Əli ilə birgə dərc etdirdiyi “Marko paşa” adlı satirik jurnal ucbatından 1947-ci ildə 10 ay ağır həbs, 3 ay 10 gün Bursada polis nəzarəti altında sürgün cəzası alır. 1949-cu ildəsə İngiltərə şahzadəsi II Yelizaveta, İran şahı Rza şah Pəhləvi və Misir kralı I Farukun şikayətləri nəticəsində Əziz Nesin 6 ay həbs cəzası alır. 

Ədəbi yaradıcılığında iki yüzə yaxın ləqəbdən istifadə etsə də, ən məşhurları Oya Atəş, Vedia Nesin, Qasım Qahqah, Kərim Kihkih, Levazımçı Kazım, Sıtkı Sırılsıklam, Şakir Şıkırşıkır, İzzət İzində, Haqqı Haqlar, Bədri Birdirbirdir. 

1955-ci ildə 6-7 sentyabr faciəsi olaraq tanınan, İstanbultakı etniklərin ev və dükanlarının qarət edilməsindən sonra Adnan Menderes tərəfindən “Kommunist planı” adıyla səbəbsiz 9 ay həbsxanada yatır. 1962-ci ildə 42 nömrəsi işıq üzü görən “Zübük” adlı satirik jurnal buraxır. Müxtəlif nəşriyyatlar quraraq jurnal və qəzetlərdə yazmağa davam edir. 

12 Sentyabr çevrilişindən sonra hakimiyyətə gələnlərin əlindən alanadək istifadə etdiyi ilk pasportunu 50 yaşında ala bilmişdi. 

Həyat yoldaşı Maral Çelenin tövsiyyəsilə Çatalcada qurduğu vəqflə hər il müəyyən sayda uşağın baxımını və təhsilini himayəyə götürdü. Bütün kitab gəlirlərini bu vəqfə bağışladı. 

Təqvimlər 1 iyul 1993-cü ili göstərəndə Pir Sultan Abdal şənliklərində iştirak etmək üçün Sivasa doğru yola düşdü. 2 iyul 1993-cü ildə 37 nəfərin yanaraq öldüyü Madımak oteli faciəsində sağ qalanlar arasındaydı. Çeşmədə ürək infarktı olan Əziz Nesin 7 iyul 1995- ci ildə vəsiyyət etdiyi kimi, hər hansı mərasim keçirilmədən və məzarının yeri gizli qalmaq şərtilə Çatalcadakı Nesin Vəqfinin bağçasında dəfn edildi. Bir şeirində yazdığı kimi: 

Heç olmasın başdaşımız,
Bir məktəbin bağçasında basdırsınlar bizi,
Uşaqlar qaçsın üstümüzdə...

Ölkədə və xaricdə 23 dəfə mükafata layiq görülən Əziz Nesin həyatı boyu 49 hekayə, 13 pyes, 11 roman, 8 memuar, 6 lətifə kitabı, 5 nağıl qələmə alıb. Haqqında 9 kitab yazılıb.