Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
21 Yanvar , 2019

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

1983-cü ildən AYB-nın üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında, Almaniyada, ABŞda, İsveçdə, İsveçrədə, Qırğızıstanda, Türkiyədə, Fransada və İraqda işgüzar səfərlərdə olub.

Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərinə, geniş ictimai fəaliyyətinə görə 50 yaşında Azərbaycanın “Şöhrət”, gürcü və Azərbaycan xalqları arasında dostluq və mədəni əlaqələr sahəsində apardığı uğurlu işlərə görə Gürcüstanın “Şərəf” ordenləri ilə təltif olunub. 55 yaşında Azərbaycanın ən yüksək fəxri adına – “Xalq şairi” adına layiq görülüb. Anadan olmasının 60 illik yubileyi ərəfəsində isə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsüdür.

2010-cu ildə anadan olmasının 60 illiyi ilə əlaqədar həmçinin Gürcüstan Respublikası prezidentinin sərəncamı ilə bu ölkənin “Şöhrət” ordeni ilə təltif olunub.

Ömrünün 60 yaşını tamamlayan xalq şairi Azərbaycanda nəşr olunmuş və eləcə də müxtəlif dillərə tərcümə edilmiş 40-a qədər şeir kitabının müəllifidir. O cümlədən 1998-ci ildə gürcü dilində nəşr olunan “Söz camı” adlı şeirlər kitabı gürcü oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan ədəbiyyatının, ictimai fikrinin ən görkəmli nümayəndələrindən Süleyman Rəhimov, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Muğanna, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Budaq Budaqov, Xudu Məmmədov, Pənah Xəlilov, Yaşar Qarayev, Tofiq Hacıyev, Nizami Cəfərov və başqaları onun haqqında ciddi elmi məqalələr, kitablar yazmışlar.

Bir-birinin ardınca oxuculara təqdim etdiyi “Saz”, “Göyçə dərdi”, “Cavidin qız balası”, “Şair harayı”, “Sizi qınamıram”, “Vətən yaraları”, “Göyçədən gələn səslər”, “Borçalıda qalan izlər”, “Yunus İmrə”, “Ey vətən oğulları”, “Suallar”, “Haqq-ədalət”, “Tanı məni, Amerika”, “Böyük ömrün dastanı”, “Əbədiyyət dastanı”, “Peyğəmbər” və “Sürgün” poemalarını nəşr etdirib və bu əsərlər geniş oxucu rəğbəti qazanıb.

Haqqında dövlət sifarişi ilə çəkilən “Dədələr yolu” və “Zəlimxan dastanı” adlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.


PORTRET

Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu bağların təbiətindən,
Coşub-daşmağım var, sozalmağım var.

Sözdən öz ömrümə bir heykəl yonub,
Gözəllik önündə heyrətdən donub,
Arıtək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından köz almağım var.

Suyam – damla-damla daşdan çıxmışam,
Gözəm, göz yaşıyam, yaşdan çıxmışam. 
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.

Duyğular bağında güllər bitirib,
Bir ömrün içində min ömür sürüb,
Şairtək əlinə qələm götürüb,
Aşıqtək sinəmə saz almağım var.

Bənzər xəyalımız uçan quşlara,
Tarix qiymət verər uca başlara. 
Ulu qayalara, qızıl daşlara,
Qədim əlifbatək yazılmağım var