Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
5 Mart , 2019


Həmin çərşənbələrdən ikincisi Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. İnsanlar qədim zamanlardan bugünə kimi hər zaman oda, istiliyə ehtiyac duyublar. Odun kəşf olunması insanları həm vəhşi heyvanların hücumundan müdafiə etmiş, soyuqdan, donmaqdan xilas etmiş, həm də gündəlik məişətdəki işləri rahatladan ən mühüm vasitələrdən biri olmuşdur. Mifoloji rəvayətlərdən də aydın olur ki, keçmişdə qədim insanlar ən çox nəyə ehtiyac hiss etmişsə, köməklərinə ən çox nə çatmışsa, onu müqəddəs olaraq qəbul etmiş və həmin ünsürə aid inanclar, mərasimlər yaratmışlar. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın yandırılması gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir. 

Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında, hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə getmişlər. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiş şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyirlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar: